Azərbaycan Milli Kitabxanasında "Kitablar mobil informasiya mərkəzi kimi" mövzusunda beynəlxalq elmi praktik konfrans keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Bu gün Azərbaycanda kitabxana işi çox yüksək səviyyədə qurulub. Bu məsələdə və ümumilikdə, Azərbaycanda kitaba olan marağın daha artırılması istiqamətində mühüm işlər görülüb. Bu fikirlər 6-cı Beynəlxalq Kitab Sərgi - yarmarkası çərçivəsində Mədəniyət nazirliyi ilə birgə keçirilən elmi konfransda səsləndi. Tədbirin əhəmiyyətindən danışan Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Mədəniyyət naziri Əbülfəs Qarayev, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və digər çıxış edənlər bildirdilər ki, əsas məqsəd mütaliyəyə marağın artırılması ilə yanaşı, Azərbaycan oxucusunun yerli və xarici nəşr məhsulları ilə yaxından tanışlığına imkan yaratmaqdır.

Sonra tədbir iştirakçıları "Nəsimi əlyazmaları dünya kitabxanalarında" adlı sərgi ilə tanış oldular. Mədəni sərvətlərimizin Vətənə qayıdışı layihəsi çərçivəsində təşkil olunan sərgidə mütəfəkkir şair İmadəddin Nəsiminin əsərləri böyük maraqla qarşılandı. Burada xarici ölkələrin milli kitabxanalarında mühafizə olunan Nəsiminin 30 əlyazmasının sürəti təqdim edildi.

Sonra Beynəlxalq Əməkdaşlıq Zalının açılışı oldu. Bu zalda 10-dan çox ölkənin stendi quraşdırılıb. Hazırda Beynəlxalq Kitab-Sərgi yarmarkasında 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və digər qurumlar öz nəşrlərini nümayiş etdirəcək.